Mobilliyin transformasiyası çərçivəsində daha iki layihə icra edilib
30 Dekabr, 2025
Bakı şəhərində
mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi,
bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə
daha iki layihə icra edilib.
Xətai
rayonunun Süleyman Vəzirov küçəsində hərəkətin təhlükəsizliyinin yüksəldilməsi
və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata
keçirilib. Küçə boyu yol nişanları və nişanlanma xətləri normativ tələblərə və
standartlara əsasən yenidən təşkil olunub. Bu, sürücülər və piyadalar üçün daha
aydın, oxunaqlı və təhlükəsiz hərəkət mühiti formalaşdırmağa xidmət edir.
Bakı
Avropa Liseyinin yerləşdiyi ərazidə maksimal sürət həddi saatda 30 kilometr, küçə
boyunca isə saatda 40 kilometr müəyyən edilib. Bu qərar piyadaların təhlükəsizliyinin
təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır və beynəlxalq təcrübəyə uyğun
“təhlükəsiz məktəb zonası” yanaşmasını əks etdirir.
Eyni
zamanda, Süleyman Vəzirov küçəsinin Babək prospekti ilə kəsişməsində hərəkət
sxemi optimallaşdırılıb. Belə ki, Süleyman Vəzirov küçəsindən Məşədi Hilal
Kazımov küçəsi istiqamətində düzünə, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi
istiqamətində isə sola hərəkətə imkan yaradılıb. Xaqani Rüstəmov küçəsində təmir
işləri aparıldığı nəzərə alınaraq, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi
istiqamətində yeni alternativin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ərazidə
quraşdırılan işıqforlar hazırda test rejimində fəaliyyət göstərir.
Beləliklə,
Ağ Şəhər ərazisinə giriş-çıxış üçün daha rahat alternativ marşrutlar
formalaşdırılıb, nəqliyyat axınlarının paylanması yaxşılaşdırılıb, pik
saatlarda Babək prospektində yaranan geriyə dönmə yerlərində yüklənmənin
azalmasına şərait yaradılıb.
Digər
layihə çərçivəsində Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin
kəsişməsində yol hərəkəti yenidən təşkil edilib. Artıq sözügedən yol kəsişməsində
hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış
kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən
geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər.
Layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət
kanallaşdırılıb, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti
üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaq
məntəqələrinin yeri optimallaşdırılıb, yeni yol nişanları quraşdırılıb,
nişanlanma xətləri təşkil edilib.
Qeyd
edək ki, layihənin icrasından əvvəl Yəhya Hüseynov küçəsindən, eləcə də
yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən
sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun
yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində
qalırdılar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin
artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarırdı. Bununla
yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə
deyildi.
Görülən
tədbirlər ümumilikdə şəhər nəqliyyat sisteminin funksionallığını artırmaqla
yanaşı, təhlükəsizlik, rahatlıq və davamlı hərəkət prinsiplərinə uyğun müasir
yol mühitinin formalaşdırılmasına xidmət edir.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb