Dövlət Avtomobil Nəqliyyatı Xidməti altı şəhərlərarası müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır
01 Iyun, 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir. Şəhərlərarası sərnişindaşıma bazarında rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı – Masallı, Bakı – Lənkəran, Bakı – Astara, Bakı – Sabirabad, Sabirabad – Bakı, Bakı – Horadiz şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 24 iyun 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 08 iyul 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.
İddiaçıların təkliflər paketlərini 14 iyul 2022-ci il tarixində müsabiqə keçirilən zaman müsabiqə komissiyası açacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün əlaqələndirici şəxslərə (Ramil Musayev – tel.: +99412 566 48 31, e-poçt: ramil.musayev@danx.gov.az; Nazim İsmayılov – tel.: +99412 514 27 51, e-poçt: nazim.ismayilov@danx.gov.az) müraciət etmək olar.
Əlavə edək ki, 31 mart 2022-ci il tarixində elan edilmiş müsabiqədə Bakı – Sabirabad – Bakı marşrutu üzrə iki nəfər fiziki şəxs – Ağaşirin Tapdıq oğlu Qasımov və Ramin Xələf oğlu Baxşıyev, Bakı – Horadiz – Bakı marşrutu üzrə bir nəfər fiziki şəxs – Əjdər Həsənqulu oğlu Quliyev müraciət edib. Bakı – Sabirabad – Bakı marşrutu üzrə müraciət edən fiziki şəxs Ağaşirin Tapdıq oğlu Qasımov komissiya üzvlərindən ən çox bal toplayaraq qalib elan olunub. Bir avtonəqliyyat vasitəsi olduğu üçün onunla bir reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada üç ilədək müddətə müqavilə imzalanıb.
Bakı – Horadiz – Bakı marşrutu üzrə bir nəfər müraciət etdiyi üçün Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 1.7-ci maddəsinə əsasən fiziki şəxs Əjdər Həsənqulu oğlu Quliyev qalib müəyyən olunub. Onunla hər iki reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada üç ilədək müddətə müqavilə imzalanıb.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti şəhərlərarası marşrut xətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edəcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir