Bakı və Abşeron yarımadasında mövcud nəqliyyat problemlərinin köklü həlli üçün mühüm addımlar atılır
23 Mart, 2026
“Bakı
şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu üçün Dövlət Proqramı” çərçivəsində paytaxt və Abşeron
yarımadasında mövcud nəqliyyat problemlərinin köklü həlli üçün mühüm addımlar
atılır.
Sürətli
urbanizasiya və paytaxtətrafı qəsəbələrin genişlənməsi mövcud infrastrukturun
qarşısında yeni əngəllər yaradır. Gündəlik olaraq on minlərlə vətəndaşın eyni
saatlarda şəhər mərkəzinə doğru və ya yarımadanın fərqli tərəflərinə hərəkət
etməsi əsas magistral yollarda ciddi sıxlıq yaradır. Hazırda ətrafdan, xüsusilə
də M4, M1, M3 – Ələt və ümumilikdə Bakıətrafı yollardan gələn, lakin əslində şəhər
mərkəzinə daxil olmaq istəməyən sürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi
tranzit olaraq mərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməli
olurlar. Mövcud
yollar artıq tələbatı ödəyə bilmədiyi üçün sürücülər məcburiyyət qarşısında
onsuz da həddindən artıq yüklənmiş mərkəzi arteriyalardan istifadə edirlər.
Dövlət
Proqramında nəzərdə tutulan layihələrin əsas hədəflərindən biri də yol hərəkəti
iştirakçılarının şəhər mərkəzinə və sıxlıq olan yollara daxil olmadan istədikləri
istiqamətə rahat və fasiləsiz hərəkətini təmin etməkdir. Məhz bu məqsədlə
hazırda 3 yeni irimiqyaslı strateji yolun inşası planlaşdırılıb.
Birinci
vacib layihə Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yoludur. Bu nəhəng
infrastruktur layihəsi Abşeron yarımadasının şimal-şərqindəki yaşayış məntəqələrini
Bakı şəhərinə daxil olmadan birbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax
magistralı ilə birləşdirəcək. Beləliklə, şimal və qərb zonası ilə daha səmərəli
nəqliyyat əlaqəsi qurulacaq.
İkinci
mühüm layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil
yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçu rayonu ilə qərbdəki Sulutəpə
qəsəbəsi arasında birbaşa və sürətli nəqliyyat əlaqəsi yaradacaq. Sabunçu,
Zabrat, Kürdəxanı, Sulutəpə və Binəqədi ərazilərində əhalinin sürətlə artdığı
bir dövrdə bu yol yeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat
axını mərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxili tıxaclar əhəmiyyətli
dərəcədə azalacaq.
Üçüncü
istiqamət isə Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən
dairəvi avtomobil yoludur. Məlumdur ki, hazırda Dairəvi-1 avtomobil yolu
natamam olduğu üçün M1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük
düşür. Bu birbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarının
inteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələn nəqliyyat
axını "20 Yanvar" dairəsinə daxil olmadan birbaşa metronun "Koroğlu"
stansiyası istiqamətinə hərəkət edə biləcək. Bu da həm mərkəzi yolların, həm də
Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmağa kömək edəcək.
Bu
layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək:
- Məsələn, Repsublikanın şəhər
və rayonlarından, xüsusilə də Müşfiqabad, 28 May qəsəbələrindən Bilgəh
istiqamətinə getmək istəyən sürücülər Bilgəh–Novxanı–Xırdalan–M4
avtomobil yolundan istifadə etməklə şəhərə daxil olmadan bu səfəri
yerinə yetirə biləcəklər.
- Sulutəpədən Aeroport şosesinə çıxmaq
istəyənlər isə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi
avtomobil yolunu seçərək tıxaca düşmədən, maneəsiz şəkildə hərəkət edəcəklər.
- Yaxud, Lökbatan qəsəbəsi ərazisində
yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərindən Binə qəsəbəsi, metronun
“Koroğlu” və ya “Əhmədli” stansiyaları istiqamətinə və ya əksinə getmək
istəyən vətəndaşlar layihə çərçivəsində tamamlanacaq Bakı Dairəvi−1 avtomobil
yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil
yolundan istifadə edərək şəhər mərkəzini yükləmədən, birbaşa və kəsintisiz
şəkildə mənzilbaşına çatacaqlar.
Artıq Bilgəh–M4 avtomobil yolunun inşası
aparılır, 2027-ci ildə isə bu magistralın istifadəyə verilməsi
planlaşdırılır. Bu yolun ümumi uzunluğu təxminən 29 kilometr təşkil edəcək və 6
zolaqlı olacaq.
Dövlət
Proqramında nəzərdə tutulan bu 3 layihə vətəndaşların ümumi şəhər yollarına
daxil olmadan və mərkəzi küçələrdən istifadə etmədən istədikləri istiqamətə
rahat gediş-gəlişini təmin edəcək. Bu layihələrin yekunlaşması ilə şəhərin mərkəzinin
və əsas magistralların yükü kəskin şəkildə azalacaq.
Ətraflı: https://www.youtube.com/watch?v=yGB-SIn4n5E
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb