AYNA Naxçıvanda təlimlərə başlayıb
13 Aprel, 2026
Nəqliyyat sahəsində xidmət keyfiyyətinin
artırılması, həmçinin daşımalar üzrə göstəricilərin standartlara
uyğunlaşdırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
Naxçıvanda taksi və beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olan
sürücülər üçün təlimlərə başlanılıb.
Təlimlərə 350-dən çox taksi sürücüsü, 100-ə yaxın
beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olan sürücü və 120-ə yaxın taxoqraf istifadəçisi
cəlb olunub.
Təlim prosesində taksi sürücülərinə etik davranış və
avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi
aktlar barədə məlumat verilir, yollarda
təhlükəsizliyin təmin edilməsi istiqamətində praktiki dərslər keçilir.
Avtomobil nəqliyyatı ilə beynəlxalq yük
daşımalarını həyata keçirən sürücülərə isə yük daşımalarının təşkilinin özünəməxsusluğu,
bu sahədə mövcud olan hüquq normaları, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat
vasitələrinin istismarına dair tələblər barədə məlumat verilir.
İştirakçıların praktiki vərdişlərinin artırılması məqsədilə
təlim meydançasında sürücülərə təhlükəsiz
və ehtiyatlı idarəetmə, maneələrin
aşılması, ekstremal tormozlama, paralel parklanma və geriyə hərəkət vərdişləri
aşılanır.
Təlimin sonunda iştirakçılara dərs materiallarını əks
etdirən elektron yaddaş kitabçalar təqdim olunacaq.
Qeyd edək ki, təlimlər mütəmadi olaraq paytaxtla
yanaşı regionlarda da təşkil olunur. Təlimləri uğurla başa vuran sürücülərin məlumatları
Dövlət İmtahan Mərkəzinə təqdim edilir. İmtahanda uğurlu nəticə əldə edənlər müvafiq
şəhadətnamə ilə təmin olunurlar. Bu sənədlər əsasında onlar sahə üzrə zəruri
icazələri əldə edərək fəaliyyətlərini davam etdirirlər.
AYNA tərəfindən təşkil
olunan təlimlər peşəkar sürücü heyətinin formalaşdırılmasına, xidmət keyfiyyətinin
artırılaraq vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
10 Aprel, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib