AYNA 8000-dən çox sürücünü təlimlərə cəlb edəcək
25 Noyabr, 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “Təlim-Tədris Mərkəzi” tərəfdaş təşkilatlarla birgə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığını müvafiq tədris proqramları əsasında paytaxt Bakıda, eyni zamanda Gəncə, Masallı, Lənkəran və Astarada təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nda beynəlxalq daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələblər müəyyən edilib. Tələblərə əsasən, sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığı və yenidən hazırlığı vacib şərtdir.
Hazırlıq zamanı sürücülərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri, habelə ilk tibbi yardımın göstərilməsi haqqında məlumat verilir. Məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar aşılanır.
Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla aparılır. İmtahanlar elektron qaydada təşkil edilir.
Bu günədək təlimlərdə 1300-dən çox sürücü iştirak edib. Ümumilikdə isə 8000 sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığa başlamayan daşıyıcılar 2023-cü ilin 8 aprel tarixindən etibarən beynəlxalq yükdaşımalarında iştirak edə bilməyəcəklər. Təlimlərdə iştirak etmək istəyən sürücülər AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
“Azərbaycan avtodaşıyıcılarının beynəlxalq daşımalara buraxılması Qaydaları”nın tətbiq edilməsində məqsədlərdən biri də avtomobil nəqliyyatı sahəsində qabaqcıl tənzimləmə mexanizmi hesab olunan Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiq edilməsidir. Keyfiyyət Xartiyasında təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və peşəkarlıq səriştəsi ilə bağlı müvafiq tələblər müəyyən edilir və daşımalara bu tələblərə cavab verən subyektlər buraxılır. Bu da öz növbəsində avtomobil nəqliyyatının işinin səmərəli təşkilinə, sahənin dayanıqlı inkişafına və investisiya cəlbediciliyinin artmasına müsbət töhfə verir.
Digər xəbərlər
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir