“TransportTech” hakatonunun qalibləri müəyyənləşib
03 Noyabr, 2026
İRİA və AYNA-nın birgə
təşkil etdiyi hakatonda Yoldash, YOLÇU və SmartFlow komandaları qalib elan
olunub
Bakı, 19
oktyabr 2026-cı il — İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə “Openwave” açıq
innovasiya proqramı çərçivəsində keçirilən “TransportTech” hakatonu yekunlaşıb.
17–18 oktyabr tarixlərində Azərbaycan İnnovasiya Mərkəzində baş tutan hakatonda
15 komanda ağıllı mobillik və yerüstü nəqliyyatın rəqəmsal transformasiyası
istiqamətində öz həll yollarını təqdim edib.
Hakatona
ümumilikdə 510 komanda və 1743 iştirakçı müraciət edib. Müraciət
edənlər AYNA tərəfindən hazırlanmış və opendata.az platformasındakı açıq
datalardan istifadə etməklə yerinə yetirilən 4 sualdan ibarət seçim tapşırığını
icra ediblər. Tapşırığın nəticələrinə əsasən 15 komanda hakatonda
iştirak hüququ qazanıb.
İki gün ərzində
komandalar İRİA, AYNA və Paşa Sığortanın mütəxəssislərindən ibarət mentorların
dəstəyi ilə üç əsas problemə həll yolları hazırlayıblar: nəqliyyat növlərinin
bir-birindən təcrid olunması, Mobility Hub-ları və çatışmayan infrastrukturu
real vaxtda göstərən vahid idarəetmə mərkəzinin olmaması, həmçinin yaşıl nəqliyyata
keçidin ekoloji və karbon effektinin ölçülməməsi. Layihələrdə AYNA-nın
velosiped zolaqları, velosiped parkinqləri, avtobus trayektoriyaları,
avtovağzal və avtostansiyalar üzrə açıq datalarından istifadə olunub.
İRİA, AYNA və NS Studio nümayəndələrindən ibarət münsiflər heyətinin
qiymətləndirməsi nəticəsində sıralama aparılmadan aşağıdakı üç komanda qalib
elan olunub:
•
Yoldash (Hardcoders) — Bakının bütün nəqliyyat növlərini vahid
marşrut, vahid ödəniş və fərdi aylıq abunə ilə birləşdirən mobil tətbiq və AYNA
üçün çatışmayan bağlantıları aşkarlayan, CO₂ qənaətini hesablayan şəhər paneli;
•
YOLÇU — sərnişinə canlı xəritə və alternativ marşrut təklif edən,
“YOLÇU Coin” ilə təşviq olunan rəy və sorğuları AYNA üçün qərarvermə datasına
çevirən platforma;
• SmartFlow — metro, avtobus, velosiped, skuter və piyada
yolunu bir marşrutda birləşdirən tətbiq və Mobility Hub və yeni velozolaq yerlərini
reytinqlə müəyyən edən AYNA idarəetmə paneli.
Qalib komandaların hər biri 1 ədəd
MacBook Air M5 noutbuku, komanda üzvlərinin hər biri isə 50 AZN-lik BakıKart ilə
mükafatlandırılıb.
Hakatonun əsas
məqsədi nəqliyyat sahəsində data əsaslı innovativ həllərin ortaya çıxmasına şərait
yaratmaq və uğurlu ideyaların inkişaf etdirilərək gələcəkdə innovasiya
ekosistemində startap kimi formalaşmasına dəstək göstərməkdir.
Digər xəbərlər
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
03 Noyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
02 Noyabr, 2026
210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək
02 Noyabr, 2026
Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib
30 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır