AYNA-nın Təlim-Tədris Mərkəzi regionlarda təlimlərə başlayır
27 Yanvar, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzi beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığı ilə bağlı 13 şəhər və rayonda təlimlər təşkil edəcək. Təlimləri mərkəzin əməkdaşları müvafiq tədris proqramları əsasında paytaxt Bakı, həmçinin Qazax, Mingəçevir, Bərdə, İmişli, Şirvan, Lənkəran, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Göyçay və Ağdaşda keçəcəklər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nda beynəlxalq daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələblər müəyyən edilib. Tələblərə əsasən, sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığı və yenidən hazırlığı vacib şərtdir.
Hazırlıq zamanı sürücülərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri, habelə ilk tibbi yardımın göstərilməsi haqqında məlumat verilir. Məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar aşılanır.
Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla aparılır. Yekunda imtahanlar Bakıda olduğu kimi, regionlarda da elektron qaydada keçiriləcək.
Bu günədək təlimlərdə 3000-dən çox sürücü iştirak edib. Ümumilikdə 8000 sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığa başlamayan daşıyıcılar 2023-cü ilin 8 aprel tarixindən etibarən beynəlxalq yük daşımalarında iştirak edə bilməyəcəklər. Təlimlərdə iştirak etmək istəyən sürücülər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı mərkəzinə müraciət edə bilərlər.
Digər xəbərlər
02 Oktyabr, 2026
5 şəhərlərarası və paytaxtın 2 şəhərətrafı marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
02 Oktyabr, 2026
Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
01 Oktyabr, 2026
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
01 Oktyabr, 2026
Daha 3 elektron tərəzi quraşdırılıb
28 Sentyabr, 2026
16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir