Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib
22 Sentyabr, 2026
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) Bakı şəhərinin “Avropa Mobillik Həftəsi” təşəbbüsündə
iştirakı üçün müraciət edib və şəhərin namizədliyi uğurla təsdiqlənib.
16–22 sentyabr
tarixlərini əhatə edən Avropa Mobillik Həftəsi çərçivəsində AYNA tərəfindən şəhər
mobilliyi, dayanıqlı nəqliyyat və alternativ hərəkətlilik imkanları ilə bağlı
bir sıra maarifləndirici tədbirlər və təşəbbüslər həyata keçirilib.
Həftə çərçivəsində Bakı
Avropa Liseyində informasiya sessiyası təşkil olunub. Eyni zamanda Azərbaycan
Dillər Universitetində tələbələr üçün informasiya sessiyası və təlim
keçirilib. Təlimlər zamanı şəhər mobilliyi və nəqliyyat sahəsi ilə bağlı məlumatlar
təqdim olunub, tələbələrin sualları cavablandırılıb.
Avropa Mobillik Həftəsi çərçivəsində
AYNA və “APAR” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda veloyürüş də
keçirilib. Şəhidlər Xiyabanından start götürən yürüş velosiped zolağı
boyunca davam edərək Hüseyn Cavid parkında musiqili və əyləncəli
proqramla yekunlaşıb.
Həftə çərçivəsində keçirilən tədbirlərdən
biri də “Avtomobilsiz Gün” olub. Tədbir çərçivəsində Məhəmməd
Naxçıvani küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanaraq saat
10:00-dan 20:00-dək şəhər sakinlərinin ixtiyarına verilib.
“Avtomobilsiz Gün” çərçivəsində
yaradılan mikromobillik zonasında APAR, JET, WINGS və Toba Bike şirkətlərinin
stendlərində müxtəlif növ velosiped və skuterlər nümayiş olunub, iştirakçılara
test sürüşləri və təhlükəsiz idarəetmə üzrə təlimlər keçirilib.
Ərazidəki müxtəlif guşələrdə
uşaqlar üçün ustad dərsləri və idman oyunları, böyüklər üçün isə əyləncəli və
interaktiv oyunlar təşkil olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər
və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da tədbirə
töhfə verərək iştirakçılar üçün müxtəlif fəaliyyətlər təşkil edib.
“Avtomobilsiz Gün”ün əsas məqsədi
şəhər mobilliyində alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi və
yol hərəkəti iştirakçılarının təhlükəsizliyi ilə bağlı məlumatlılığın
artırılmasıdır.
22 sentyabr tarixində isə
Avropa Mobillik Həftəsi çərçivəsində “Davamlı Şəhər Hərəkətliliyi: İctimai Nəqliyyat
və Mikromobilliyin İnteqrasiyası” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə
şəhərdaxili nəqliyyat sıxlığının azaldılması, ictimai nəqliyyat və
mikromobilliyin inteqrasiyası, infrastrukturun inkişafı, piyada hərəkətliliyinin
təşviqi və yol hərəkəti təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.
Panel mazakirəsində AYNA-nın,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan
Velosiped İdmanı Federasiyasının, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin
nümayəndələri, eləcə də nəqliyyat ekspertləri iştirak ediblər. Tədbirdə şəhər
mobilliyinin inkişafı, ictimai nəqliyyatın səmərəliliyinin artırılması,
mikromobillik infrastrukturunun genişləndirilməsi, gənclər arasında
mikromobillik mədəniyyətinin təşviqi və təhlükəsiz hərəkət mühiti kimi mövzular
müzakirə olunub.
Avropa Mobillik Həftəsi çərçivəsində
keçirilən tədbirlər ümumilikdə davamlı hərəkətliliyin təşviqinə, alternativ
nəqliyyat vasitələrindən istifadənin artırılmasına və şəhər mobilliyi ilə bağlı
ictimai maarifləndirmənin gücləndirilməsinə yönəlib.
Digər xəbərlər
22 Sentyabr, 2026
Ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
21 Sentyabr, 2026
“Biletim.az” portalına daha bir funksiya əlavə olunub
21 Sentyabr, 2026
Bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır
19 Sentyabr, 2026
Sürücülərin nəzərinə!
19 Sentyabr, 2026
“Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir