“Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib
05 Mart, 2026
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”nda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, geniş nəqliyyat şəbəkəsinin
qurulması, ictimai nəqliyyatdan istifadənin səmərəliliyinin artırılması və
avtobus parkının modernləşdirilməsi prioritet məsələlər kimi qeyd olunub. Sərnişinlərə
keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, eyni zamanda, ekoloji cəhətdən
təmiz nəqliyyat növlərindən istifadə bu sahənin inkişafında mühüm rol oynayır.
Avtobus parkının genişləndirilməsi və yenilənməsi
ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən
genişmiqyaslı işlər həyata keçirilir. Görülən işlərin nəticəsində hazırda Bakı
şəhərində marşrut xətlərində gündəlik 2300-ə yaxın avtobus istismar olunur.
Avtobus parkının mərhələli yenilənməsi çərçivəsində ötən il ərzində paytaxta
293 yeni avtobus gətirilib. Gəncə şəhərində də 2025-ci ildə bütövlükdə avtobus
parkının yenilənməsi həyata keçirilib və 280 yeni avtobus alınaraq sərnişinlərin
ixtiyarına verilib. Ümumilikdə 2025-ci ildə ölkə üzrə 800-dən artıq avtobus
yenilənib. Elektrikli nəqliyyat vasitələrinin tətbiqi sahəsində də mühüm irəliləyişlər
əldə edilib. Hazırda Bakı şəhərinin avtobus parkında 368 elektrikli avtobus
mövcuddur. Elektriklə işləyən avtobusların sayının artırılması ekoloji mühitin
qorunmasına, səs-küyün və zərərli tullantıların azalmasına xidmət edir.
Sərnişindaşımanın daha səmərəli təşkili,
marşrutların düzgün tənzimlənməsi və xidmət keyfiyyətinin artırılması
baxımından avtobus parkları mühüm əhəmiyyət kəsb edir, əlçatanlığını genişləndirərək
şəhər mobilliyinin dayanıqlı inkişafına töhfə verir.
Bu çərçivədə
martın 5-də “BakuBus” MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində
“Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib.
4,3 hektar ərazini əhatə edən yeni avtobus parkının
tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Parkın ərazisində inzibati
bina, müasir yuma kompleksi, təmir mərkəzi fəaliyyət göstərir. Depoda 2025-ci
ildə Azərbaycanda istehsal edilən 167 ədəd “BYD” markalı tam elektrik mühərrikli
avtobusa xidmət göstəriləcək.
Avtobuslar 77 və 81 nəfərlik
sərnişin tutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətini təmin
etmək məqsədilə 42 ədəd 240 kVt gücünə malik enerjidoldurma cihazı
quraşdırılıb. Sözügedən avadanlıq həddindən artıq gərginlik, cərəyan, faza
itkisi və digər risklərə qarşı çoxsaylı mühafizə funksiyaları ilə təchiz
edilib.
Yeni avtobuslar 8 qəsəbə və 1 kənd üzrə – Mərdəkan,
Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa, Ramana və Nardaran qəsəbələri, eləcə də
Məmmədli kəndini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirəcək.
Avtobusların gündəlik təmizliyinin təmin edilməsi məqsədilə
yaradılan müasir yuma məntəqəsi eyni vaxtda 2 avtobusa xidmət göstərir və
proses 4 dəqiqə ərzində tamamlanır. Kompleksdə ekoloji tələblərə xüsusi diqqət
yetirilir, istifadə olunan suyun 85 faizi təmizlənərək təkrar dövriyyəyə
qaytarılır. Təmir mərkəzində texniki xidmətin operativ təşkili məqsədilə
yağlama və çilingər işləri üçün 8, qəza təmiri və boyama işləri üçün isə 7 boks
fəaliyyət göstərir. Yeni avtobus parkının istifadəyə verilməsi yalnız paytaxtın
nəqliyyat sisteminin modernləşdirilməsinə deyil, eyni zamanda ölkənin iqtisadi
və sosial inkişafına da mühüm töhfə verir. Layihə çərçivəsində 365 sürücü, 78 nəfər
inzibati və texniki heyət olmaqla ümumilikdə 443 nəfər daimi işlə təmin edilir.
Qeyd edək ki, “BakuBus” tərəfindən 2024-cü ildə
160, 2025 və 2026-cı illərdə isə 200 elektrikli avtobus alınıb. Cari il ərzində
əlavə 169 avtobusun alınması nəzərdə tutulur. Eyni zamanda, özəl daşıyıcılar tərəfindən
də ekoloji təmiz elektrikli avtobusların alınması həyata keçirilir. Bütün bu tədbirlər
nəticəsində isə yaxın zamanlarda Bakıda yalnız ekoloji təmiz nəqliyyat vasitələrinin xidmət
göstərməsi təmin ediləcək.
Digər xəbərlər
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb
01 Iyun, 2026
161 və 162 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərir